Yolumuz Qubadlıya!

Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 802 kvadratkilometrdir. Paytaxt Bakıdan 387-km, ən yaxın dəmiryol stansiyası olan Həkəri stansiyasından 35 kilometr məsafədədir.

Qubadlı bölgəsi tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olmaqla qədim tarixi –etnoqrafik bölgələrdən biridir. Rayon ərazisindəki (Muradxanlı, Qaracallı və Əliquluuşağı kəndlərinin yaxınlığında) xeyli sayda təbii və süni mağaraların olması onların hələ Paleolit dövründən məskunlaşdığını təsdiq edir.

941-981-ci illər arasındakı dövrdə əksər Azərbaycan torpaqları, o cümlədən Zəngəzur Salarilər dövlətinin hakimiyyəti altında olmuşdu. X əsrin sonu, XI əsrin əvəllərində bu bölgə mərkəzi Gəncə olan Şəddadilər dövlətinin tərkibində idi. Səlcuqilərin hökmranlığı dövründə Qubadlı bölgəsi bu dövlətin təsir dairəsində idi. Sonrakı dövrdə Atabəylər dövlətinin tərkibində olmuşdur

XIX əsrin 80-ci illərinin ortalarında Zəngəzur qəzasında fəaliyyət göstərən 4 dünyəvi məktəbdən biri 1882-ci ildə Qubadlıda açılmışdı. Bu məktəb el arasında çox vaxt Həsən bəyin məktəbi adlandırılmışdı. Qubadlı kəndi XX əsrin əvvəllərində bölgənin mədəni həyatında daha bir yeni, mütərəqqi addımın atıldığı yer oldu: bölgənin ilk dünyəvi qız məktəblərindən biri məhz Qubadlıda fəaliyyətə başladı.

“Qubadlı” toponiminin özü də Qubadlının qədim tarixi ilə bağlı məsələlər içərisində maraq doğurur. “Qubadlı” yer adına ilk dəfə İkiçayarası (Mesopotomiya) bölgəsindəki mixi yazılarda rast gəlinir. “Qubadlı” adının qızılbaş-şahsevən tayfaları ilə bağlılığına dair fikirlər də mövcuddur. Mənbələrə əsasən onların burada məskunlaşması Səfəvi şahı I Şah Abbasın buraya səfəri dövrünə təsadüf edir. Həmin dövrdə şahsevən tayfası Azərbaycanın hər iki hissəsində (əsasən Muğan düzündə) yaşayırdı. M. V. Vəliyevin (Baharlının) yazdığına görə, şahsevən tayfalarının bəydili nəsli var idi. Bəydili nəslinin tərkibində Cilovlu, Cəyitli, (Çakırlı) və Kobadlı oymaqları yaşayırdı. Mənbələrin təhlili nəticəsində “Kobatlı” “Qubadlı” yer adının bəydili nəsli ilə əlaqələndirilməsi bu torpaqların bilavasitə türk yurdu olduğunu bir daha təsdiqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan olan nəvəsi idi. Rayon mərkəzində maraqlı еksponatlar toplanmış tariх-diyarşunaslıq muzеyi fəaliyyət göstərirdi. Rayonda 70-80-ci illərdə də bir sıra abidələr inşa olunmuşdu. Bunlara "Fərhad və Şirin" bulağı, "Cеyran" bulağı, Хalq qəhrəmanları Qaçaq Nəbinin və Həcərin abidələri, 1941-1945-ci illər müharibəsində həlak olanların хatirəsinə, 20 yanvar faciəsi zamanı şəhid olanların хatirəsinə həsr olunan abidə komplеksləri aiddir.