Yolumuz Ağdama!

Azərbaycan Respublikasının inzibati rayonu olan Ağdam 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1150 km², əhalisi 153000 nəfər, relyefi əsasən düzənlik, qismən dağlıq olan bu rayon Azərbaycanın qədim, füsunkar təbiətli torpağı Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsi işğal edilmişdir. Ərazisi 1 094 kv.km olan Ağdamın 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib. Ağdamda həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın digər bölgələrində məskunlaşmışdırlar.

2020-ci ilin 20 noyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qüdrətli ordusunun şücaəti nəticəsində 30 illik həsrətə son qoyulmuş və Ağdam bir güllə atılmadan düşmən tapdağından təmizlənmişdir.

Böyük Vətən müharibəsində əldə olunmuş tarixi zəfərdən dərhal sonra, Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırığa əsasən Qarabağın bəy otağı olan Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə Azərbaycan vətəndaşlarının ziyarəti üçün səfərlər təşkil olunmaqdadır. “Yolumuz Ağdama” adlanan marşrutla keçiriləcək səfərlər xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında keçirilir.

Əvvəlcədən müəyyən edilmiş marşrut əsasında həyata keçirilən səfərlərdə iştirak üçün yaşı 18-dan yuxarı və Covid-19 vaksin, immun və ya əks-göstəriş sertifikatı olan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.

Pənahəli xan sarayı – Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid xan nəslinin ən birinci mülklərindən olan tarixi-memarlıq abidəsidir. Saray, Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik olmayıb, yalnız dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də, elmi ədəbiyyatda bəzən Pənahəli xanın imarəti də adlandırılır.`

Çörək muzeyi – Ağdamın keçmiş dəyirmanının binasında yerli hakimiyyət orqanları, sənətkarlar və incəsənət xadimlərinin təşəbbüsü ilə yaradılmış, çörək və çörək məmulatları, əkinçilik alətləri və taxılçılıq tarixinə həsr edilmiş maddi-mədəniyyət nümunələri toplanmış muzey olmuşdur. 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmiş muzey şəhərin işğal olunmasından əvvəl 2800 eksponata sahib olmuşdur. Birinci Qarabağ müharibəsi dövründə erməni silahlı qüvvələri muzeyi məqsədli şəkildə mərmi atəşinə tutmuş, eksponantları ilə birgə onu dağıtmış, daha sonra isə muzeydə güclü yanğın başlamışdı. Muzeyə bitişik olan məşhur Sünbül kafesi də tamamilə dağıdılmışdır.

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — 1937-ci ildə təsis edilmiş Qarabağ mədəniyyətinin nümumələrindən biri olmuşdur. 300 nəfərlik zalı, qarşısında fəvvarə və Fərhadın külünglə heykəli olan binadan erməni vandalizmi nəticəsində yalnız sütunları qalmışdır.

Ağdam Cümə Məscidi – Dağıdılmış Ağdamda möcüzə nəticəsində məhv olmayan məscid təkcə memarlıq abidəsi, iki müharibə görmüş məbəd deyil, eləcə də işğaldan azad edilmiş şəhərin rəmzidir. “Ruhlar şəhəri”nə çevrilmiş Ağdamın fonunda yeganə nəzərə çarpan tikili tam dağıdılmamış Cümə məscididir. Qarabağın XIX əsr dini tarixi-memarlıq abidəsi olub 1868—1870-ci illərdə sənətkar memar Kərbəlayi Səfi Xan Qarabaği tərəfindən Rayonun inzibati mərkəzində inşa edilmişdir. 1992–1994-cü illərdə Azərbaycan ərazisinin 20%-i işğal edildikdən sonra məscid də viran qoyulmuşdur. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmış, ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması üçün istifadə edilmişdir.

Qiyaslı məscidi - 18-ci əsrə aid olan mədəniyyət abidəsi işğal dövründə vandallığa məruz qalıb, tövlə kimi istifadə olunmuş, yandırılmış və dağıdılmışdır. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür.

Şahbulaq qalası və ya Tərnəküt qalası — Ağdam şəhərinin 10 km-liyində Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş XVIII əsrə aid qala divarlarından ibarət Qarabağ xanlığının ərazisində ikinci qaladır. İşğaldan sonra Şahbulaq qalası ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir.

Hazırda bütün Ağdam ərazisində üçrəngli bayrağımız dalğalanmaqdadır.
QARABAĞ – AZƏRBAYCANDIR!!!